Təbrizdən olan rejissor Məhəmməd Siyaməkniyanın “Dil” adlı qısametrajlı filmi İtaliyanın Milan şəhərində keçirilən "Sognielettrici Festivalı"nda "ən yaxşı qısametrajlı film" mükafatına layiq görülüb.
Film münsiflər heyəti tərəfindən "kinematoqrafiya dilinin ustalıqla istifadəsi və cəsarətli şəkildə siyasi, sosial və mədəni mövzulara toxunması" ilə diqqətəlayiq hesab edilib.
Münsiflər heyətinin açıqlamasında "Dil" filminin distopiya janrında olan hekayəsinin qapalı və açıq məkanların bədii şəkildə birləşdirilməsi ilə xüsusi fərqləndiyi vurğulanıb. Eyni zamanda, dialoqsuz olsa belə, tamaşaçıya güclü emosional təsir bağışlaması, rənglərin ustalıqla istifadəsi və məkanların bədii tərtibatı ilə diqqət çəkdiyi qeyd edilib.
Aktyorların təbii və inandırıcı ifaları da filmin ən güclü tərəflərindən biri kimi dəyərləndirilib.
Rejissor Məhəmməd Siyaməkniya "Azerbaijan Post"un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
"-İlk öncə fəaliyyətiniz haqqında ətraflı məlumat verməyinizi istərdik. Bu günə qədər hansı filmləriniz, uğurlarınız olub?
-Mən 1992-ci ildə Təbrizdə doğulmuşam. 2014-cü ildən etibarən kino sahəsində çalışıram. Bu müddət ərzində rejissor kimi iki qısametralı filmin müəllifiyəm. Bir neçə filmdə isə fərqli sahələrdə əməyim keçib.
İlk filmim "Ağacdələn" adlı qısametrajlı filmdir. Bu filmi 2019-cu ildə başa çatdırdım. Film fərqli festivallarda uğur qazandı, Amerikanın "573 Film Festivalı"nda "ən yaxşı film" (Best short film) seçildi. Həmçinin həmin il Bakı Fiım Festivalında nümayiş olundu və alqışlarla qarşılandı.
"Ağacdələn" filmi həmçinin Yunanıstan, Braziliya, Hindistan, İtaliya, İran, eləcə də çox sayda digər ölkələrin beynəlxalq festivallarında nümayiş olunub, mükafatlar qazanıb.
Son filmim isə "Dil" adlanır. Bu filmim isə 2023-cü ildə başa çatıb və onu müxtəlif festivallara təqdim etməyi düşünürəm. Qeyd edim ki, bu filmim oktyabrın 4-də Bakı Film Festivalında nümayiş olunub.
-Sonuncu İtaliyada qalibi olduğunuz film festivalı haqda nə deyərdiniz? Necə oldu ki, filminiz seçilərək, mükafat qazana bildi?
-Milan şəhərində keçirilən "Sognielettrici Festival"ı 7-12 oktyabr tarixlərində keçirildi.
Ümumiyyətlə "Sognielettrici Festival"ı İtaliyanın məşhur festivallarından biridir. Bu festivala dünyanın hər yerindən filmlər təqdim olunur.
Münsiflər heyəti mənim "Dil" filmimi "kinematoqrafiya dilinin ustalıqla istifadəsi və cəsarətli şəkildə siyasi, sosial və mədəni mövzulara toxunması" ilə diqqətəlayiq hesab edib, "ən yaxşı film" seçdilər.
-Hansı mövzuda yeni film çəkmək istərdiniz?
-Yeni filmim Məşrutə inqilabının əsas liderlərindən biri olan Səttarxan haqqında olacaq. Qeyd edim ki, uzunmetrajlı olacaq bu filmin ssenarisini bu il yazmışam və Səttarxana fərqli çərçivədən yeni baxışla yanaşmağa çalışmışam".